А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Sevgisiz məktub...

20.12.17 | Bölmə: Köşə | Baxış: 312 | Yazar: Admin |
Sevgisiz məktub...































Kənar qutuda bu günlərdə maraqlı bir məktub gördüm. Məktubu yazan xanım ixtisasca jurnalistdir, Rusiyada böyüyüb, təhsil və tərbiyə alıb. Amma təəssüf ki, ailə həyatı quranda azərbaycansayağı qurub. Yəni oğlanı o yox, o, bu sevib. Məsəl üçün xala, bibi, əmiqızı və s. Məntiq də bu olub əlbəttə. “Əla oğlandır, atası, anası bilirsən kimdir?” Sanki qızı oğlan yox, atası alırmış kimi.

Jurnalist xanımın ailə qurduğu oğlanın atası bilmirəm kimdir, amma anası Bakının məşhur həkimlərindən biridir. Oğlunu sevdiyi qızdan ayırıb, arqumenti nə olub bilmirəm, amma deyib ki, iki dünya bir olsa o qızı sənə almayacam. Oğul da ki maşallah ana quzusu, “o olmasın, bu olsun” prinsipi ilə indi bizim bu məktubun müəllifi jurnalist xanımla evlənib. Bəlkə də başqa prinsipə görə. Məsələn, anasına sübut etmək üçün ki, siz deyəni elədim, evləndim başqasıyla, amma indi məndən əl çəkin, qoyun həyatımı özüm bilən kimi yaşayım. Necə? Onu indi məktubdan özünüz oxuyacaqsız. Amma oxumazdan qabaq deyim ki, məktubun müəllifi jurnalist olmağına rəğmən ailə həyatındakı uğursuzluğunu mənim qələmimdə ictimailəşməsini istədi. Onun daha bir istəyi var. Qızlarımız sabah ərə gedəndə kimə getdiyinin fərqində olsunlar. Ən əsası, onun səhvini təkrarlamasınlar.

Beləliklə, baş hərfi S.olan xanımın uğursuz sevgi həyatından mənə yazdıqları. “29 yaşıma gədər oxumaqla məşğul oldum. Elçi düşənlər təbii ki vardı. Lakin ürəyimə yatan bir Allah bəndəsi yox idi. Yaş artdıqca valideynlərimin , qohumların tənələri də artmağa başladı. Xüsusilə anam çox fikir edirdi. Nəhayət,mənimlə ailə qurmağa bir uyğun namizəd tapıldı. Bizi tanış elədilər, görüşdük, danışdıq, ürəyimə yatmasa da ailə qurmaq üçün razılıq verdim. Nişanlı qaldığımız müddətdə ondan bir neçə dəfə soruşmuşdum ki, sevdiyi qız olubmu? Cavab vermişdi ki, olub, evdən icazə verməyiblər deyə alınmayıb, böyüklərin halallığı olmayan yerdə isə xoşbəxtlik olmur deyə məsələyə nöqtə qoymuşdu. Hər görüşdə onun mənə qarşı soyuq münasibətini hiss edirdim. Düşünürdüm ki, bəlkə də normaldır, təzəcə tanış olmuşuq, sevgi də haçansa yaranar. Amma yaranmırdı. Arada bir dəfə nişan üzüyünü qaytarmaq belə istədim, alınmadı, evləndik.

Evlənən gündən evə gec gəlməyə başladı. Gecə saat 2-də, 3-də və s. Bir dəfə özündən xəbərsiz telefonuna baxmalı oldum. Hərçənd əvvəl gündən mənə demişdi ki, bacısı ondan xəbərsiz telefonuna baxdığı üçün onunla düz 8 ay küsülü qalıb. Telefonu götürdüm və bir qızla yazışmalarını oxudum. Mesajlarında qızı sevdiyini, bu evliliyin böyük bir səhv olduğunu və heç vaxt sevgisindən vaz keçməyəcəyini yazırdı. Artıq hamilə idim. Belə bir həssas vaxtımda aldığım zərbədən az qala bayılacaqdım. Emosiyalara qapıldım, onunla yaşaya bilməyəcəyimi dedim. Sanki bunu gözləyirdi. Dedi ki, mən səninlə birinci gündən yaşamaq istəmirəm, dur, aparım atan evinə. Yol boyu ağlaya-ağlaya getdim, amma evə çatanda maşından düşmədim. Gecə saat 2 idi, anamın nə vəziyyətinə düşə biləcəyindən narahat olub geri qayıtdım.

Hamiləliyimi göz yaşı ilə keçirtdim. Əsəbdən-stressdən tez-tez bayılırdım. Amma bu onun biganəliyini zərrə qədər də dəyişmirdi. Qayınanam məşhur həkimdir, məni inandırırdı ki, uşaq doğulsun, hər şey qaydasına düşəcək. Qızımız doğuldu və bu heç nəyi dəyişmədi. Əksinə, hər şey daha da pisləşdi. Zahı dövrümdə ərim açıq-aşkar mənimlə bir dam altında yaşamaq istəmədiyini dedi. Məcbur olub onun sevdiyi qıza zəng elədim... Çalışdım insancasına danışım onunla. Amma dəyməzdi. Mənə dedi; “Sən mənim neçə illik sevgimi əlimdən almısan. Mənim xəyallarımı sən yaşamısan. Ona görə də xoşbəxt olmayacaqsan. O ancaq məni sevir, səni isə heç vaxt sevməyib, zorla alıblar səni ona. Günahkar da anasıdır”. Qızdan soruşanda ki, nişanlı vaxtımızda bunları mənə deyə bilərdin axı? Niyə demədin? Dedi ki, desəydim, qohumları məni məhv edərdi. Amma bildiyim qədər qız həyat yoldaşımı əlində saxlamaq üçün hər şeyi edir. Hətta dəfələrlə özünə sui-qəsd etməyə belə cəhd göstərib. Həyat yoldaşım isə iradəsiz adamdır. Onun iradəsi zamanında sevdiyi qızı almağa çatmadığı kimi, indi də ailəsinə, uşağına sahib çıxmağa çatmır. İndi tamamilə çarəsizəm. Bilmirəm kimdə günah axtarım? Özümdə, həyat yoldaşımda, sevdiyi qızda, yoxsa ailələrimizdə?“

Əslində sevgili oxucular, bu sualların hər birinin ayrı-ayrılıqda cavabları var. Amma bu yazını bu suallara cavab tapmaq üçün yazmadım. Yazdım ki, bir daha yadınıza salım. Hələ də övladının qərarlarına hörmət etməyən valideynlər var. Hələ də sevdiyi qıza sahib çıxmağı bacarmayan oğlanlar var. Hələ də ailə qurduğu xanıma əşya kimi baxan ərlər var. Hələ də sevilmədiyi ocaqda övladına görə dözüb duran gəlinlər var. Mən bu məktuba “sevgisiz məktub” deyirəm. “Sevgi məktubu”na öyrəşən dillər, qulaqlar bu ifadədən heç nə anlamaz.

Ləman Ələşrəfqızı - yazarın arxivi
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.