Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Aydın Hüseynov dünya bazarında Azərbaycan neftinin qiymətinin qalxmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının layiqincə icra edilməsi, qeyri-neft sektorunun dirçəlməsi, enerji sektorunun inkişafı, eləcə də yol infrastrukturunun yenidən qurulması və əldə olunan digər iqtisadi nailiyyətlərin əsasında neft amili dayanır:

"Prezident İlham Əliyev də hər zaman buyurur ki, neft gəlirləri məqsəd yox, vasitədir. Həqiqətən də bu gün bu vasitədən yüksək səviyyədə istifadə edilir. Neftdən gələn gəlirlər Dövlət Neft Fondunda yığılır. Artıq bizim bu sahədə yaxşı təcrübəmiz var. Çünki dünya bazarında neftin ən ucuz və ən yüksək qiymətdə olduğu dövrləri yaşadıq. Neftin qiyməti dünya bazarında düşdükdə ölkə iqtisadiyyatına hansı mənfi təsirlər göstərir, çıxış yolları nədir və digər qabaqlayıcı tədbirlərlə bağlı bizim zəngin təcrübəmiz var. Bununla belə, neftin qiymətinin artması ölkə iqtisadiyyatının güclənməsi baxımından çox müsbət hadisədir. Mövcud təcrübə bizə əsas verəcək ki, bu gəlirlərdən optimal və səmərəli şəkildə istifadə olunsun. İnanıram ki, bu gəlirlər insan kapitalının, qeyri-neft sektorunun və bu kimi sahələrin təkmilləşdirilməsinə yönəldiləcək”.

Deputat vurğulayıb ki, neftin qiymətinin dünya bazarında kəskin şəkildə düşməsi daha çox siyasi hadisələrlə bağlı idi. 2014-2016-cı illərdə Yaxın Şərqdə, Suriyada gedən müharibələr, İŞİD və ümumən dünyada gedən proseslər iqtisadiyyata, xüsusən də neft bazarına təsirini göstərmişdi.

"Ümumiyyətlə, dünya bazarında neft qiymətinin kəskin şəkildə azalacağı və ya artacağı gözlənilmir. Artıq alternativ enerji mənbələri olduğu üçünneftin qiymətinin ən yüksək həddə qədər artacağını proqnozlaşdırmaq çətindir. Lakin onun indiki həddə və ya bundan bir az yüksək həddə olması realdır” , - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün "Azeri LT CIF" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,16 dollar və yaxud 1,37% bahalaşaraq, 85,94 dollar/barelə bərabər olub. "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.