Füzulinin icra başçısı Beyləqanda məskunlaşan füzulilərlə görüşüb
Alı Alıyev bildirib ki, bu cür görüşlər ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq mütəmadi olaraq keçirilir. Alı Alıyev qeyd edib ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Hər il minlərlə məcburi köçkün ailəsi dövlət vəsaiti hesabına inşa edilən yeni qəsəbələrdə mənzil və evlə təmin olunur. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görülür.
Beyləqan rayonunda da bütün zəruri sosial-texniki infrastrukturu olan məcburi köçkün ailələri üçün inşa edilmiş yeni qəsəbə istifadəyə verilib. Beyləqan rayonunda Füzuli rayonundan olan 1078 məcburi köçkün ailəsi məskunlaşıb. Onlardan həmin qəsəbəyə, məktəblərdə və digər ictimai binalarda müvəqqəti məskunlaşmış, uzun müddətdir ən ağır şəraitdə yaşayan 88 məcburi köçkün ailəsi köçürülüb.
Görüşdə Beyləqan rayonunda məskunlaşmış füzulili məcburi köçkünlərin müraciətləri, arzu və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan problemlər, təklif və müraciətlərin bəziləri rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Görüş zamanı çıxış edən məcburi köçkünlər dövlət tərəfindən hər tərəfli qayğı ilə əhatə olunduqlarını, məcburi köçkünlər üçün nəzərdə tutulan bütün güzəşt və imtiyazlardan istifadə etdiklərini bildiriblər. Məcburi köçkünlər, göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, ən böyük arzuları işğal altında olan torpaqlarına, öz ata-baba yurdlarına qayıtmaqdır.

Köşə:
Reklam:
