А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azərbaycan gömrüyü fəaliyyətini nəzarətdən xidmətə doğru dəyişir - MÜSAHİBƏ

29.01.20 | Bölmə: İqtisadiyyat | Baxış: 41 | Yazar: Celilova |
Azərbaycan gömrüyü fəaliyyətini nəzarətdən xidmətə doğru dəyişir - MÜSAHİBƏ
 
 
 
 
 
 

Yanvarın 30-unda Dövlət Gömrük Komitəsinin yaranmasından 28 il ötür. Bu tarix həm də, Azərbaycanın gömrük xidməti orqanlarında çalışanların peşə bayramı kimi qeyd olunur.

Melumat-merkezi.az xəbər verir ki, Azərbaycan gömrükçülərinin peşə bayramı ərəfəsində "Həftə içi” qəzetinin və Hafta.az saytının müsahibi Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevdir.

- Səfər müəllim, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı, sistemli islahatlar həyata keçirilir. Bu baxımdan, gömrük sistemində aparılan islahatlar nə kimi yenilikləri özündə ifadə edir?

Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən mütərəqqi siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, gömrük işinin müasir idarəçilik prinsipləri əsasında təşkili istiqamətində də mühüm nailiyyətlər əldə edilib. Hazırda dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların əhatə dairəsi daha da genişlənib. Biznes mühitinin yaxşılaşdırılması, gömrük xidmətinin ən yüksək səviyyəyə çatdırılması, azad rəqabət mühitinin yaradılması Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Gömrük xidmətində həyata keçirilən islahatlar nəticəsində xarici ticarət iştirakçılarının aktivliyi artıb, biznes mühitinin əlverişliliyinin artırılması, rəqabətliliyinin qorunub saxlanması və şəffaflıq təmin edilib. Eyni zamanda, dövlət büdcəsinə gömrük ödənişləri üzrə daxilolmaların artımına nail olunub.

Prezident İlham Əliyevin tarixi İpək Yolu üzərində strateji mövqe tutan ölkəmizin tranzit potensialının gücləndirilməsi, ixrac potensialının artırılması istiqamətində atdığı addımlar gömrük orqanlarının da qarşısında yeni hədəflər müəyyənləşdirib. Artıq ən müasir idarəetmə strukturuna malik Azərbaycan gömrüyü fəaliyyətini nəzarətdən xidmətə doğru dəyişdirərək beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılması, ən müasir gömrük nəzarət üsul və vasitələrinin tətbiqi istiqamətində mühüm addımlar atır.

Ötən ili Dövlət Gömrük Komitəsinin fəaliyyəti baxımından necə dəyərləndirirsiniz?

-Azərbaycan Gömrük Xidməti fəaliyyəti dövründə daha məzmunlu və daha maraqlı bir ili arxada qoydu. Gömrük orqanlarında 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrdən bəhs edərkən ilk növbədə qeyd etməliyəm ki, ötən il Dövlət Gömrük Komitəsi üzrə makrogöstəricilər baxımından uğurlu bir il olub, büdcə daxilolmalarındakı artım tendensiyası maksimum səviyyədə qorunub.

2019-cu il üzrə Dövlət Gömrük Komitəsi üçün nəzərdə tutulan 3 milyard 702 milyon manat büdcə öhdəliyinə qarşı 4 milyard 408 milyon 620 min manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülüb. Beləliklə, proqnoz göstəriciləri ilə müqayisədə 706 milyon 620 min manat artıq gömrük vergi və rüsumları toplanıb və ya proqnoza 119,1 faiz əməl olunub. Bununla da Dövlət Gömrük Komitəsi yarandığı dövrdən rekord fiskal göstəriciləri nümayiş etdirərək son 2 il ərzində büdcə proqnozunda nəzərdə tutulduğundan 2 milyard manata yaxın artıq vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin edib. Eyni zamanda, 2019-cu il ərzində xarici ticarət mühitində müsbət artım tendensiyası müşahidə olunub. Dünya bazarında neft qiymətlərinin nisbətən stabil olması və investisiya qoyuluşlarının həcminin artması ölkənin həm ixracında, həm də idxalında sabit artım üçün şərait yaradıb.

Rəqəmlərə gəldikdə, 2019-cu ildə xarici ticarət dövriyyəsi 33,3 milyard ABŞ dolları təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 2,4 milyard ABŞ dolları və ya 7,6 faiz artım deməkdir. Sevindirici haldır ki, ixrac həcminin 1 faizə yaxın artmasına baxmayaraq qeyri-neft sektorunda ixracın artımı 14 faiz təşkil edib. İdxalın həcmi isə əhəmiyyətli dərəcədə, 19 faiz artaraq 13,7 milyard ABŞ dolları olub. Bununla da 2019-cu ilin sonuna qeydə alınan müsbət saldo 5,96 milyard ABŞ dolları təşkil edib.

Bundan başqa, ötən il Azərbaycan Respublikası ilə ticarət aparan xarici ölkələrin sırasında 2018-ci ildə olduğu kimi idxalda ilk üçlüyə Rusiya Federasiyası, Türkiyə Respublikası və Çin Xalq Respublikası daxil olub. Bu da ölkənin ümumi idxalının 39 faizini təşkil edib. İxracda isə əsas üç ölkə İtaliya Respublikası, Türkiyə Respublikası və Çin Xalq Respublikası olub.

Onu da nəzərə çatdırım ki, 2019-cu il ərzində idxal əməliyyatlarının həcmi 13 milyard 668 milyon dollar məbləğində olmaqla 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 202 milyon dollar və ya 19,2 faiz artıb. İxrac əməliyyatlarının həcmi isə 19 milyard 635 milyon dollar təşkil edib və 2018-ci illə müqayisədə 146 milyon 620 min ABŞ dolları və ya 0,8 faiz artıb.

- Ötən ilin fevral ayından Azərbaycanda yüklərin və nəqliyyat vasitələrinin keçirilməsi üçün "Yaşıl dəhliz" sistemi tətbiq olunur. İndiyədək "Yaşıl dəhliz”ə neçə şirkət giriş əldə edib?

-Dövlət Gömrük Komitəsi iqtisadi təhlükəsizliyin təmin edilməsinin əsas iştirakçılarından biri kimi ölkə Prezidentinin müəyyən etdiyi prioritet hədəflər çərçivəsində gömrük işinin daha müasir və çevik metodlarla tənzimlənməsi, sağlam iqtisadi rəqabətlilik mühitinin yaradılması, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması istiqamətində davamlı tədbirlər görür. Azərbaycan Prezidentinin "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanı da öncül beynəlxalq praktikaya əsaslanaraq gömrük xidmətinin təkmilləşdirilməsi və ticarətin asanlaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biridir. Bu sistem xarici iqtisadi fəaliyyət sahəsində etibarlı tərəfdaş prinsipinə uyğun olaraq Azərbaycan gömrüyündə tətbiq olunan ən müasir üsullardan biridir.

"Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”na müvafiq olaraq ötən il 599 xarici ticarət iştirakçısı Komitəyə müraciət edib. Bunlardan, ümumilikdə 530 xarici ticarət iştirakçısına "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.

Ötən il qaçaqmalçılıqla mübarizə sahəsində görülən işlər çərçivəsində hansı nəticələr əldə olunub?

- 2019-cu il ərzində gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 13443 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 866-sı cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyaları və digər cinayət predmetlərinin dəyəri 11 milyon 273 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 992 nəfərin (771 Azərbaycan vətəndaşı, 220 əcnəbi, 1 vətəndaşlığı olmayan) barəsində müvafiq tədbirlər görülüb. Gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş tədbirlər nəticəsində 2019-cu il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsilə əlaqədar 393 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 1 ton 988 kq 628 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb. Onların 95,3 faizini daha təhlükəli ağır narkotiklər olan heroin və metamfetamin təşkil edib, müvafiq olaraq 1 ton 821 kq 728 qram heroin, 74 kq 246 qram metamfetamin tutulub. Bundan əlavə - 63 kq 559 qram tiryək, 11 kq 501 qram həşiş, 4 kq 009 qram kokain, 322,947 qram marixuana, 633,676 qram metadon, 18,5 qram diazepam, 93 qram fenobarbital, 12 kq 045 qram kalium permanqanat və digər  maddələr qanunsuz dövriyyədən çıxarılıb.

2019-cu il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 490 nəfər, 416 kişi və 74 qadın olmaqla 367 nəfər Azərbaycan vətəndaşı, 122 nəfər əcnəbi (91 İran, 16 Gürcüstan, 5 Rusiya, 3 Ukrayna, 3 Pakistan, 2 Türkiyə, 1 Boliviya və 1 Braziliya vətəndaşı) və 1 vətəndaşlığı olmayan şəxs barəsində müvafiq tədbirlər görülüb, 79 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə ediblər. 2019-cu il ərzində 116 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınıb.

2019-cu il ərzində gömrük orqanları tərəfindən aşkar olunmuş 12577 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 2154 hüquqi şəxs (o cümlədən 1010 xarici hüquqi şəxs) və 10440 fiziki şəxs (o cümlədən 3921 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 milyon 358 min 741 manat cərimə tətbiq olunmaqla, dəyəri 470 min 519 manat olan mallar məhkəmə orqanları tərəfindən müsadirə edilib.

"Valyuta tənzimi haqqında” Qanuna və digər qanunvericilik aktlarına əsasən, gömrük orqanları valyuta və valyuta sərvətlərinin gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 310330 ABŞ dolları, 13585 avro,  6,531,350 rus rublu, 35000 türk lirəsi, 25400 Azərbaycan manatı, 11627 manat dəyərində 730 ədəd gümüş zinət əşyaları, 56008 manat dəyərində 284,614 karat qiymətli daşlar, 1,293,908 manat dəyərində 1803 ədəd qızıl zinət əşyaları aşkar olunub. Bundan əlavə, hesabat dövründə gömrük orqanları tərəfindən 239569 ədəd CITES obyekti olan tibbi zəli,  2970770 litr dizel yanacağı, 3,140,993 manat dəyərində dərman vasitələri, 2679 manat dəyərində baytarlıq dərmanları, 1800 ədəd təhlükəsizlik kameraları, 2 ədəd elektroşoker, 18 ton 202 kq kimyəvi maddə, 24 kq 370 qram kürü, 7525 litr mühərrik yağı, 1152 ədəd mobil telefon və 43078 ədəd mobil telefonların aksesuarları, 121080 manat dəyərində məişət texnikası və əşyaları, 113 ədəd odlu silahın patronları, 5760 ədəd ov silahının sursat və ləvazimatları, 1 559 130 ədəd pirotexniki məmulatlar, 3 ədəd pnevmatik silah, 11500 ədəd pnevmatik silahın patronları, 164 ədəd soyuq silah, 30766 manat dəyərində tibbi ləvazimatlar və  xeyli  miqdarda digər mallar tutulub.

Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün həyata keçirilmiş tədbirlər nəticəsində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 282 796,2 manat dəyərində 2 005 144 ədəd xaricdə istehsal olunan siqaretlər, 1469,5 manat dəyərində 1305 ədəd siqarlar, 130980 manat dəyərində 80894,7 litr spirtli içkilər saxlanılıb.

Komitə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində hansı işləri görməkdədir?  

-Dövlət Gömrük Komitəsi beynəlxalq əməkdaşlıq istiqamətində xarici dövlətlərin gömrük xidmətləri, bir çox nüfuzlu beynəlxalq və regional təşkilatlarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə geniş fəaliyyət göstərir. Ümumiyyətlə, Azərbaycan Gömrük Xidməti dünya gömrük ailəsinə nüfuz edib və onun fəaliyyəti beynəlxalq miqyasda yüksək dəyərləndirilir. Elə 2019-cu ilin yanvar və iyun aylarında Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın Azərbaycan Respublikasına səfər etməsi deyilənləri bir daha təsdiqləyir. Onu da xatırladım ki, Kunio Mikuriyanın ölkəmizə yanvar səfəri, onun ikinci dəfə ÜGT-nin Baş katibi seçildikdən sonra xarici ölkələrə ilk rəsmi səfəri olub. İyun ayında baş tutan səfər zamanı isə Baş katib Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisində iştirak edib. Hər iki səfər zamanı Azərbaycan Prezidenti ilə görüşündə ÜGT-nin Baş katibi Azərbaycan Gömrük Xidmətinin nümunəvi bir qurum olduğunu və Ümumdünya Gömrük Təşkilatının standartlarına uyğun fəaliyyət göstərdiyini vurğulayıb. Öz növbəsində, dövlətimizin başçısı gömrük sahəsində genişmiqyaslı islahatların həyata keçirildiyini və bunun artıq çox yaxşı nəticələr verdiyini, Azərbaycan gömrük sisteminin dünyanın ən şəffaf gömrük sistemlərindən biri olmasını istədiyini vurğulamaqla, bu sahəyə xüsusi diqqətini bir daha göstərib. Görüşlərdə ölkəmizin Ümumdünya Gömrük Təşkilatı ilə uğurlu əməkdaşlıq həyata keçirdiyi bildirilib, əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Dövlət Gömrük Komitəsinin beynəlxalq əməkdaşlığı daim inkişaf edir, əməkdaşlığın istiqamətləri müəyyən edilir və həyata keçirilir. Hüquq-müqavilə bazasının yaradılması məqsədilə indiyə qədər 53 ölkə və 9 beynəlxalq təşkilatla 120-yə yaxın beynəlxalq sənəd imzalanıb. 2019-cu ildə beynəlxalq əməkdaşlıq sahəsində mühüm yeniliklərdən biri də Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında bütün Avropa ölkələrinin dəstəyi ilə Azərbaycanın 2 il müddətinə (2019-2021-ci illər) ÜGT-nin Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa Regionu üzrə rəhbəri vəzifəsinə seçilməsi olub.

Bundan başqa, Dövlət Gömrük Komitəsinin ÜGT-nin Avropa Regionu üzrə rəhbərliyi dövründə region dövlətləri ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsi nəzərdə tutulub. Diplomatik münasibətlərimiz olan qonşu ölkələrlə əməkdaşlıq əlaqələrimiz davam etdiriləcək və gömrük işi sahəsində ortaya çıxan məsələlər öz həllini tapacaqdır. Gömrük işi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar çərçivəsində də digər ölkələrlə əməkdaşlıq əlaqələri davam etdiriləcək.

2019-cu il ərzində Ümumdünya Gömrük Təşkilatı, BMT-nin İnkişaf Proqramı, MDB üzv dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın Ticarətə və Nəqletməyə yardım layihəsinin Rəhbəredici Komitəsi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya İnkişaf Bankı tərəfindən maliyyələşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının Gömrük Əməkdaşlıq Komitəsi, Ümumdünya Gömrük Təşkilatının hüquq-mühafizə fəaliyyəti üzrə Regional Məlumat Əlaqələndirmə Ofisləri (RILO), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılıb.

Ötən ilin fevralında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın Sərhəd Direktoratlığı adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyinin Birgə Bəyanatı”, mart ayında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Gömrük Administrasiyası arasında görüşün protokolu” və "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Eləcə də sentyabr ayında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Rusiya Gömrük Akademiyası arasında təhsil və elm sahələrində əməkdaşlıq haqqında Memorandum”, oktyabrda "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü İclasının Protokolu” və "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında 2019-2020-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair Tədbirlər Planı”, həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında Anlaşma Memorandumu”, dekabrda "Səlahiyyətli İqtisadi Operatorların qarşılıqlı tanınması haqqında GUAM üzv dövlətlərin gömrük administrasiyaları arasında Niyyət Protokolu” və "GUAM üzv dövlətlərin dövlət sərhədlərindən keçirilən malların mənşə sertifikatının eyniləşdirilməsi zamanı "Blokçeyn” texnologiyalarından istifadəyə dair GUAM üzv dövlətlərin gömrük administrasiyaları arasında Niyyət Protokolu” və sair sənədlər imzalanıb.

Ötən il Azərbaycan həm də gömrüklə əlaqəli bir sıra regional və beynəlxalq tədbirlərə ev sahibliyi edib. Yanvar ayında "Ümumdünya Ticarət Təşkilatının "Ticarətin Asanlaşdırılması Sazişi”nin gömrüklə bağlı müddəalarının tətbiqinə dair” subregional seminar, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində Gömrük Tranzitinin Asanlaşdırılması üzrə regional seminar, ÜGT-nin Avropa Regionunun Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin iclası, fevral ayında "İnsan resurslarının idarəedilməsi sahəsində ixtisaslaşmış ÜGT Gömrük Modernləşdirilməsi Məsləhətçilərinin Akkreditasiyası” mövzusunda seminar, martda Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Elektron BYD (eTIR) Sisteminin pilot layihəsinin tətbiqinə dair Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının nümayəndələrinin iştirakı ilə görüş, apreldə Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans, mayda MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası, iyunda ÜGT-nin Məlumat Modeli ilə bağlı seminar və Qeyri-intruziv nəzarət üzrə Texniki Ekspertlər Qrupunun iclası, oktyabrda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük xidmətlərinin ekspertlərinin texniki iclası və digər tədbirlər təşkil olunub.

Şübhəsiz ki, ötən il gömrük sahəsində ən böyük beynəlxalq toplantı Bakı şəhərində, Heydər Əliyev Mərkəzində iyunun 12-dən 14-dək keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi olub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ev sahibliyi, Ümumdünya Gömrük Təşkilatının təşkilatçılığı və Koreya Gömrük Xidmətinin dəstəyi ilə keçirilən tədbirə 91 ölkədən 500-ə qədər nümayəndə - gömrük orqanları, biznes və elm dairələri, beynəlxalq təşkilatlar, informasiya texnologiyaları sahəsində ixtisaslaşan, eləcə də gömrük işində tətbiq edilən texniki nəzarət vasitələrinin istehsalçısı olan şirkətlərin təmsilçiləri iştirak edib.Tədbirin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin konfrans və sərgi iştirakçılarına ünvanlanan məktubunda belə mötəbər tədbirin Bakı şəhərində keçirilməsi çox yüksək qiymətləndirilib. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə daim böyük önəm verildiyi, informasiya cəmiyyətinin formalaşması və inkişafı məqsədilə müvafiq milli strategiyaların qəbul edildiyi vurğulanıb.

İlk dəfə olaraq ÜGT-nin həm özəl, həm də dövlət sektoru üçün nəzərdə tutulan iki tədbiri - İnformasiya Texnologiyaları Sərgisi və Texnoloji İnnovasiyalar Konfransı birləşdirilərək vahid tədbir çərçivəsində təşkil edilib. Bu yeniliyə məhz Bakıda keçirilən tədbirdə imza atılması isə Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi işində qazandığı xüsusi rəğbət və etimadın göstəricisidir. Eyni zamanda, bu konfrans və sərginin Bakıda keçirilməsi Azərbaycanın informasiya texnologiyaları sahəsində uğurla irəlilədiyinin bariz nümunəsidir.

 - Gömrük-biznes münasibətlərinin şəffaf şəkildə qurulması yönündə atılan addımlar barədə nə deyə bilərsiniz?

-Gömrük xidmətində islahatların uğurla reallaşdırılmasında gömrük-biznes münasibətləri mühüm rol oynayır. Bu məqsədlə gömrük orqanlarının sahibkarlarla davamlı görüşləri keçirilir, iş adamlarının təklif və iradları gömrük işinin səmərəli şəkildə təşkilinə öz töhfəsini verir. Biznes nümayəndələrilə hər zaman açıq dialoqa hazır olan Dövlət Gömrük Komitəsinin rəhbərliyi ötən il Alman-Azərbaycan Xarici Ticarət Palatası, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, Azərbaycan-İtaliya Ticarət Palatasının üzvləri ilə görüş keçirib, eləcə də "Caspian European Club”un təşkilatçılığı ilə baş tutan biznes-forumda iştirak edib. Bu tədbirlərdə gömrük islahatları barədə məlumat verilib, gömrük-biznes əməkdaşlığı və perspektivlər barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, Dövlət Gömrük Komitəsinin yerli orqanları da yerlərdə iş adamları ilə vaxtaşırı görüşlər keçirir, bu görüşlərdə sahibkarları maraqlandıran məsələlər müzakirə edilir və onlara kömək göstərilir. Ötən il ərzində Bakı Baş Gömrük və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarələrində keçirilən görüşlərdə də gömrük islahatları və yeniliklər barədə iş adamları bilgiləndirilib.

Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən hüquq və konsaltinq şirkətlərinin nümayəndələrinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur” gömrük postuna və Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-sərhəd buraxılış məntəqəsinə səfəri təşkil olunub. Şirkət nümayəndələrinə sərhədkeçmə proseslərinin sürətləndirilməsi və avtomatlaşdırılması ilə bağlı görülən işlər əyani şəkildə nümayiş etdirilib, malların və nəqliyyat vasitələrinin qeydiyyatı, nəzarət prosedurlarının sadələşdirilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib.

Onu da bildirim ki, ötən ilin iyulunda Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Kiçik və Orta Biznesin Dostu” - "KOB Dostu” fəaliyyətə başlayıb. Gömrük xidmətlərindən istifadə edən mikro, kiçik və orta sahibkarlar Bakı Baş Gömrük İdarəsində fəaliyyət göstərən "KOB Dostu”na müraciət etməklə idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi və prosedurları, o cümlədən investisiya və ixrac təşviqindən istifadə zamanı gömrük güzəştləri ilə bağlı informasiya, məsləhət, hüquqi yardım, əlaqələndirmə kimi xidmətlərdən istifadə edirlər.

- Gömrük sistemində kadr potensialının gücləndirilməsi yönündə atılan addımlar nədən ibarətdir?

- Qeyd etdiyim kimi, peşə hazırlığının artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədlə gömrük əməkdaşları davamlı şəkildə ixtisasartırma təlimlərinə cəlb olunur, gömrükçülərə zəruri bilik və bacarıqlarla yanaşı, etik davranış qaydaları da aşılanır. Xidməti intizam qaydalarının tələblərini pozanlara qarşı müvafiq tədbirlər görülür və bu istiqamətdə görülən işlər 2020-ci ildə də ən əsas vəzifələr sırasında olacaq. Əminliklə bildirirəm ki, Azərbaycan gömrük orqanları gələcəkdə də Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkənin ixrac və tranzit potensialının artırılması məqsədilə həyata keçirdiyi islahatları rəhbər tutaraq mühüm uğurlara imza atacaq.

Sərhəddən malların keçirilməsinin daha da sadələşdirilməsi üçün gələcəkdə hansı tədbirlərin görülməsi planlaşdırılır və 2020-ci il üçün Dövlət Gömrük Komitəsinin əsas prioritetləri nədən ibarət olacaq?

-2020-ci il ərzində sərhəd-keçid məntəqələrində infrastruktura yenidən baxılaraq sərhəd ticarətinin daha da asanlaşdırılması üçün işlər görüləcək, idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərinin minimuma endirilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Bu sahədə "Yaşıl dəhliz” sisteminin tətbiqi həm idxal, həm də ixrac əməliyyatları üçün genişləndiriləcək. Əsas vəzifələrdən biri də iqtisadiyyatın innovativ inkişafının sürətləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi, kreativ sənayenin müasir iqtisadiyyatda rolunun və əqli mülkiyyətin informasiya cəmiyyətinə təsirinin artırılması, həmçinin Azərbaycan xalqına məxsus mədəni irsin qorunmasının təmin edilməsidir. Buna uyğun olaraq, insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafı və əqli mülkiyyət hüquqlarının qorunması üzrə dayanıqlığın təmin edilməsi məqsədilə əqli mükiyyət hüquqları üzrə qanunvericilik bazasının yenidən işlənməsi və reyestr sisteminin təkmilləşdirilməsi nəzərdə tutulan işlərə daxildir. Eyni zamanda, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirak etməklə mövcud alət və vasitələrin tətbiqi əsasında beynəlxalq ticarətin asanlaşdırılması və xarici ticarət iştirakçılarına əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Səlahiyyətli İqtisadi Operator üzrə qanunvericilik bazasının yenidən işlənməsi, Səlahiyyətli İqtisadi Operator institutunun inkişafı, xarici ticarət iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi və bu statusu əldə etmiş şəxslərlə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi üzrə işlərin görülməsi əsas hədəflərdəndir.

Prezident İlham Əliyevin son iki ildə gömrük sistemində aparılan islahatları yüksək dəyərləndirməsi gömrük orqanlarının fəaliyyətinə böyük stimul olmaqla, bizi ölkəmizin iqtisadi inkişafı üçün daha da əzmlə çalışmağa sövq edir. Eyni zamanda, bununla arxayınlaşmır və etiraf edirik ki, həlli vacib problemlər hələ də qalır.

Azərbaycan Prezidenti 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə gömrük orqanlarında aparılan islahatların uğurlu nəticələri ilə yanaşı, bəzi problemləri də diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, ötən dövrlərdə gömrük-keçid məntəqələri yenidən qurulsa da, günün tələbləri nəzərə alınaraq daha yüksək səviyyədə təmir edilməli, bu məntəqələrdə ən yeni avadanlığın quraşdırılması, daha rahat keçidin təmin edilməsi məsələlərinə baxılmalıdır. Dövlətimizin başçısının gömrük-keçid məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə reallaşdırılmasına dair tapşırıq və tövsiyələri hər zaman diqqət mərkəzindədir.

Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də Azərbaycanın Rusiya, Gürcüstan və İranla dövlət sərhədlərində yerləşən gömrük-keçid məntəqələrində təmir-tikinti işləri aparılıb, bu məntəqələr müasir texnoloji avadanlıqlarla təmin olunub. Eyni zamanda, əvvəlki illərlə müqayisədə 2019-cu ildə həm xarici ölkələrə gedib-gələn Azərbaycan vətəndaşlarının, həm də ölkəmizə turist axınının artdığı nəzərə alınaraq, istər qərb, istərsə də şimal istiqamətində yeni gömrük-keçid məntəqələrinin tikilməsinə başlanılıb və bu işlər 2020-ci ildə də davam etdiriləcək.

Bununla yanaşı, gömrük-keçid məntəqələrində vətəndaş-məmur münasibətlərinin tam sağlam əsaslar üzərində qurulması və bu məntəqələrdə xidmətin ən yüksək səviyyəyə çatdırılması istiqamətində görülən işlər davam etdirilir.

Azərbaycan Prezidentinin uğurlu iqtisadi siyasətinə, tapşırıq və tövsiyələrinə uyğun olaraq 2020-ci ildə də Dövlət Gömrük Komitəsi xidməti fəaliyyətini müasir dünya standartlarına uyğun həyata keçirəcək, qanunla təsdiq olunan 4 milyard manat büdcə öhdəliyini artıqlaması ilə yerinə yetirəcək.

Ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı müdrik rəhbər Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük xidməti ölkədə aparılan islahatların davamlılığını təmin etməklə, iqtisadi təhlükəsizliyin keşiyində bundan sonra da şərəflə duracaq. 

 


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri maliyyə imkanlarına malikdir
“Coca-Cola” ASAN könüllü xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard COVID-19 mualicəsinin əlçatanlığının sürətləndirməsi təşəbbüsünə qoşuldular
Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Bakı şəhər açıq birinciliyində “Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb
Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.